Azərbaycan cüdoçuları Əbu-Dabidə “Böyük dəbilqə” turnirində iştirak edirlər
Azərbaycanın cüdo komandası Əbu-Dabidə “Böyük dəbilqə” turnirinin birinci günündə medal qazana bilməyib.

Beş idmançımız tatami üzərinə çıxıb, ən yaxşı nəticəni isə 1/8 finala çatmış İlqar Muşkiyev (60 kq) göstərib.

Altmış kiloqramadək çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev hollandiyalı Jeron Murenə qalib gəlib, sonra isə Səudiyyə Ərəbistanın nümayəndəsi Eys Məcraşidən üstün olub. Lakin 1/8 finalda həmyerlimiz monqolustanlı idmançı Soqbatar Sendoçiruya məğlub olub.

Birinci görüşdə Monakodan Yan Sikkardiyə qalib gələn Vüqar Şirinli (60 kq), növbəti turda fransalı Vinsent Limareyə uduzub. Nicat Şıxəlizadə (66 kq) ikinci dövrədə rusiyalı olimpiya çempionu Arsen Qalstyana məğlub olub.

Qadınlar arasında turnirdə Leyla Əliyeva (48 kq) birinci görüşdə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən Şira Rişoniyə, Səkinə Zahirova isə belçikalı İlza Heylenə məğlub olub.

AZƏRTAC

Xəbər 708 dəfə oxundu.