Yeniyetmə şahmatçılarımız Yunanıstanda dünya çempionatında mübarizəni davam etdirirlər
Yunanıstanın Halkidiki şəhərində keçirilən 18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında beşinci turun oyunları yekunlaşıb.

Beşinci turda 8 yaşadək qızların çempionatında mübarizə aparan Azərbaycan təmsilçisi Səmra Qasımova Hindistan şahmatçısı Şri Savithaya məğlub olaraq 3,5 xalla 10-cu yerdə qərarlaşıb. Eyni yaşlı oğlanların yarışında Read Səmədov polşalı Bartoz Fiszer ilə sülh bağlayıb. O, xallarının sayını 4-ə çatdıraraq 7-ci pilləyə yüksəlib. Gövhər Beydullayeva isə 12 yaşadək qızların mübarizəsində 4 xal toplayaraq 5-14-cü yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 7-ci yerdədir.

Çempionatda 12 yaşadək oğlanların yarışında həmyerlimiz Məhəmməd Muradlı 4,5 xalla üçüncü pillədədir. On altı yaşlı qızların çempionatında mübarizə aparan Xanım Balacayeva 4-15-ci yerləri bölüşdürür. Aytən Əmrayeva isə 3 xalla 17-ci pillədə qərarlaşıb.

Turnir İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir.

Xəbər 624 dəfə oxundu.