“Formula-1” üzrə Meksika Qran-prisində sərbəst yürüş yarışları keçirilib
“Formula-1” yarışlarının 17-ci – Meksika Qran-prisi davam edir.

Mötəbər turnirin Mexikodakı “Rodriqes qardaşları” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır. İyirmi üç ildən sonra “Formula-1” üzrə Qran-pri yarışlarına ev sahibliyi edən Meksikada uzunluğu 4304 metr olan trasda 71 turda keçirilən turnirin birinci günündə iki sərbəst yürüş yarışı təşkil olunub.

İlk sərbəst yürüş yarışlarında “Toro Rosso” komandasının pilotu Maks Ferstappen, “Red Bull Racing”dən Daniil Kvayt və “Ferrari”nin üzvü Kimi Raykkonen ilk üç pillədə qərarlaşıblar. İkinci sərbəst yürüşdə isə “Mersedes”in pilotu Niko Rosberq birinci olub. Daniil Kvayt finişi ikinci, “Red Bull Racing”in üzvü Daniel Rikkardo isə üçüncü keçib.

Bu gün - oktyabrın 31-də turnirin təsnifat yarışı, noyabrın 1-də isə final mərhələsi isə keçiriləcək .

Artıq Soçi Qran-prisində “Mercedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu təmin edib. Buna görə də Meksika Qran-prisində əsasən ikinci yer uğrunda gərgin mübarizə gözlənilir. Bu yer uğrunda almaniyalı pilotlar Sebastian Vettel (“Ferrari”) və Niko Rosberq (“Mercedes”) yarışırlar.

Builki çempionatın qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton ötən mərhələdə 327 xalla qələbəsini bayram edib. O, 16 mərhələnin 10-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya, Rusiya və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

“Formula-1” yarışlarının Bakı Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.

Xəbər 573 dəfə oxundu.