Basketbol yığmalarımızın yeni baş məşqçiləri təsdiqləndi
Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın Cəbəllütariqdə keçirilən Avropa Çempionatında ("C" Divizionu) çıxışı, müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında XXIII ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001 və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsung" Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər geniş müzakirə edilib.

Yekunda ABF Reyasət Heyəti aşağıdakı qərarları qəbul edib:

1. 2015-ci il Avropa Çempionatının "C" Divizionu yarışlarında Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının çıxışı qənaətbəxş sayılsın.

2. Azərbaycanın müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandalarının baş məşqçiləri aşağıdakı kimi təsdiq edilsin:

Yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın baş məşqçisi - Tahir Baxşıyev;

Yeniyetmə oğlanlardan ibarət (U-16) yığma komandanın baş məşqçisi - Samit Nuruzadə;

Yeniyetmə oğlanlardan ibarət (U-14) yığma komandanın baş məşqçisi - Fuad Niftəliyev.

3. Azərbaycan Basketbol Federasiyasının bəzi işçi orqanlarının rəhbərləri aşağıdakı kimi təsdiq edilsin:

Məşqçilər Şurasının sədri - Azər Əbülfəz oğlu Qədirov,
Hakimlər komissiyasının sədri - Tofiq İsmi oğlu Həsənov,
Nizam-İntizam komissiyasının sədri - Mehran Ağali oğlu Həmidzadə.

Xəbər 787 dəfə oxundu.