Klublar Komitəsinin növbəti iclası keçirildi
Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, AFFA-nın texniki direktoru Bernard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, qadınlardan ibarət liqaların təşkilinə məsul əməkdaşlar Kifayət Osmanova və Zümrüd Məmmədova, Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov və CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov iştirak ediblər.

Kifayət Osmanova qadın liqaları ilə bağlı təqdimatla çıxış edib, liqalardakı hazırkı vəziyyət barədə məlumat verib, perspektivlər müzakirə olunub.

İclasda iştirak edən digər AFFA rəsmiləri gündəlikdəki müvafiq məsələlər barədə sualları cavablandırıb, təkliflərini səsləndiriblər.

CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov kanalın test rejimində fəaliyyətə başladığı gündən indiyə qədər görülmüş işlər barədə məlumat verib, qarşılıqlı əməkdaşlığa görə klublara minnətdarlığını bildirib, Topaz Premyer Liqası oyunlarının gələcəkdə də yüksək keyfiyyətlə və bütün qarşılaşmaların əhatə olunması şərtilə canlı yayımlanması üçün həlli vacib problemləri qeyd edib.

Xəbər 800 dəfə oxundu.