“Bakı-2015” ilk Avropa Oyunlarında medal qazanan belaruslu idmançılar mükafatlandırılıb
Belarus Milli Olimpiya Komitəsində (BMOK) bu ilin iyununda Bakıda təşkil olunan birinci Avropa Oyunlarında medal qazanan ölkə idmançıları ilə görüş keçirilib.

Görüşdə “Bakı-2015” ilk Avropa Oyunlarında mükafatçılar sırasında yer alan idmançılar təltif ediliblər. Oyunlarda qızıl medal qazanan atletlərə 6 min, ikinci yeri tutanlara 3 min, yarışı üçüncü pillədə başa vuran idmançılara isə 2 min dollar məbləğində pul mükafatları verilib.

Pul mükafatı Belarus Prezidentinin sərəncamı ilə “Bakı-2015”də yüksək nəticələr göstərmiş idmançı və onların məşqçiləri üçün nəzərdə tutulub.

İlk Avropa Oyunlarında 149 idmançı ilə təmsil olunan Belarus 43 medal – 10 qızıl, 11 gümüş və 22 bürünc qazanıb. Belarus yığmasının tərkibində ən çox mükafatı samboçular qazanıblar – 7 medal.

AZƏRTAC

Xəbər 2165 dəfə oxundu.