Azərbaycan şahmatçıları yeniyetmələr arasında dünya çempionatında liderlik edirlər
Yunanıstanda 18 yaşadək yeniyetmələr arasında Şahmat üzrə Dünya Çempionatında üç tur oynanılıb.

12 yaşadək şahmatçılar arasında ustalığa namizədlər Məhəmməd Muradlı və Əhməd Əhmədzadə hər üç oyunda qələbə qazanıblar. Bu çempionatda iştirak edən 202 şahmatçıdan yalnız 12-si maksimum xal toplayıb. Xəzər Babazadə isə 10 yaşadək şahmatçılar arasında keçirilən çempionatda yüz faizlik nəticə göstərib.

Şahmatçılarımızdan Read Səmədov, Ayan Allahverdiyeva, Səmra Qasımova və ustalığa namizəd Gövhər Beydullayevanın aktivində 2,5 xal var. FIDE ustaları Aytən Əmrayeva, Xanım Balacayeva, habelə Rüstəm Bünyadov və Aydın Süleymanlı hərəyə iki xal toplayıblar.

Xatırladaq ki, 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında Şahmat üzrə Dünya Çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir. Çempionat noyabrın 6-dək davam edəcək.

Xəbər 615 dəfə oxundu.