Qəbələdə “Öz məqsədlərini yaşat” devizi altında festival keçiriləcək
Oktyabrın 31-də Qəbələ şəhər stadionunda AFFA-nın təşkilatçılığı ilə “Öz məqsədlərini yaşat” (“Live your goals”) devizi altında festival təşkil olunacaq.

FİFA-nın bayrağı altında təşkil olunacaq festivalda beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, 21 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales, komandanın üzvləri Aysun Əliyeva, Nigar Cəlilli və Aytac Şərifova iştirak edəcəklər.

Bu layihə ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatı ərəfəsində reallaşdırılıb. Layihənin məqsədi qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların idmanın bu növü ilə mütəmadi məşğul olmalarına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın gücləndirilməsidir.

Azərbaycanda “Öz məqsədlərini yaşat” devizi altında silsilə tədbirlər 2012-ci ildən keçirilir. Həmin il festival "Dalğa Arena"da, habelə Zaqatalada, Qubada, Şəkidə, Masallıda, həmçinin Bayıl stadionunda yüksək səviyyədə təşkil olunub. Tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons da iştirak ediblər.

Bu qəbildən tədbirlər ötən il Mingəçevir və Sumqayıt şəhərlərində, bu il isə Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunub.

AZƏRTAC

Xəbər 660 dəfə oxundu.