Şəhriyar Məmmədyarov: Qitə birinciliyində titulumuzu qorumaq üçün mübarizə aparacağıq
Makedoniyanın paytaxtı Skopyedə keçirilən şahmat üzrə klublararası Avropa kuboku turnirində gümüş medal qazanan “SOCAR-Azerbaycan” komandasının üzvü Şəhriyar Məmmədyarov yarışın yekunları ilə bağlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

- Klublararası Avropa kubokunun ötənilki qalibi “SOCAR-Azerbaycan” bu dəfə gümüş medal qazandı. Turnirdə komandamızın çıxışından razı qaldınızmı?

- Fikrimcə, “SOCAR-Azərbaycan” bu turnirdə uğurla çıxış edib. Bu il Avropa kubokunda rəqabət daha yüksək idi. Mübarizəyə yeni komandalar qoşulmuşdular. İkinci yeri tutmaq pis nəticə deyil. Əlli klub arasında gümüş medal qazanmaq asan deyil. Medal əldə etmək hər zaman sevindiricidir. Bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Əlbəttə, daha yaxşı nəticəyə inanırdıq. Turnirdən əvvəl məqsəd yalnız çempionluq idi. Gümüş medalı müsbət nəticə kimi dəyərləndirirəm.

- Yəqin razılaşarsınız ki, beşinci turda Rusiyanın “Sibir” klubuna məğlubiyyət çempionluq yolunda ən böyük maneə oldu.

- Məğlubiyyətdən sonra da şansımız qalırdı. Amma başa düşürdük ki, artıq onlar liderdirlər və biz çempionluqdan bir qədər uzaqlaşdıq. “Sibir” güclü heyətə malik komandadır. Avropa kubokunda istənilən rəqibə qalib gələ bilərlər. Əgər biz "Sibir"i saxlaya bilmədiksə, o biri komandaların bunu edəcəyinə inam az idi. Bu məğlubiyyətdən sonra yenidən liderliyə yüksələcəyimizə olan inamımız azaldı.

- “Sibir”in çempionluğunda rusiyalı Vladimir Kramnikin rolunu xüsusi qeyd edirlər. Bu qələbədə Kramnik nə dərəcədə böyük rol oynadı?

- V.Kramnik güclü şahmatçıdır. Amma çempion olan komandadır. Ola bilər ki, Kramnik yaxşı oynasın, amma klub uğursuz çıxış etsin. Lakin belə olmadı. Klubda hər bir şahmatçı bir-birini tamamladı. Güclü komanda idi və gözəl oyunla çempion oldular. Kramnik bu yaşında çox gözəl çıxış etdi. Son aylar çıxış etdiyi yarışlarda ən yaxşı oyununu gördük. Bununla belə qələbədə hər bir şahmatçının böyük rolu oldu.

- 2014-cü ildə çempion olan “SOCAR-Azerbaycan”a titulunu qorumaq üçün nə çatmadı?

- “SOCAR-Azerbaycan” iki dəfə Avropa kubokuna sahib olub. Müxtəlif illərdə gümüş və bürünc medallar qazanmışıq. Əgər rəqabət olmasaydı, o zaman indi məyus olardıq. Lakin çox güclü rəqabət var idi. Medallar uğrunda 10-a yaxın komanda mübarizə aparırdı. Belə gərgin mübarizənin sonunda gümüş medal qazanmaq yaxşı nəticədir. Çempion olmamaq faciə deyil. Avropa kubokunun qalibinin heyətində güclü şahmatçılar çıxış edib. Onlar bizdən geri qalmırdılar. Demək olar ki, bərabər səviyyəli komandalarıq. Sadəcə olaraq, hamı bizdən çempionluq gözləyirdi. Çempion olmamağımız bəzilərinə qəribə gəlir.

- Avropa kubokunda oyununu necə qiymətləndirirsiniz?

- Son turadək oyunumu çox yaxşı qiymətləndirirdim. Lakin 7-ci turda vəziyyəti düzgün qiymətləndirmədim. Fikirləşdim ki, qələbəyə oynamaq olar. Heç-heçəyə razılaşmadım və uğursuz risk etdim. Paralel keçən görüşdə lider “Sibir” məğlub durumda idi. Əgər onlar uduzsaydılar, biz qələbə qazanmaqla çempion ola bilərdik. Buna görə risk etdim. Mənasız risk etdim və uduzdum. Risk etməsəydim uduzmazdım. Yeddi oyunda üç qələbə qazandım, iki görüşdə heç-heçə oynadım və bir partiyada məğlubiyyət acısı yaşadım. Fikrimcə, normal oynadım. Daha yaxşı oyun gözləyirdim. Lakin turnir ağır keçdi. Son zamanlar ağır turnirlərimiz çox oldu.

- “SOCAR-Azerbaycan”ın çıxışını 5 ballıq sistemlə neçə qiymətləndirərdiniz?

- Nəticəmizdən razı qaldım. Nəzərə almaq lazımdır ki, güclü heyətlə ümumiyyətlə mükafatçılar sırasına düşməyən komandalar oldu. Avropa kubokundakı oyunumuzu beş ballıq sistemlə 4-lə qiymətləndirərdim.

- İlin sonuncu yarışı gələn ay İslandiyada baş tutacaq. Avropa kubokundan sonra komandalar arasında Avropa çempionatında iştirak etmək çətin olmayacaq?

- Komandalar arasında Avropa çempionatı şahmatçılar üçün ilin əsas yarışlarından biridir. Desəm ki, yorğunam, düzgün olmaz. Komanda yarışında daha yaxşı nəticə qazanmağa çalışacağıq. Makedoniyadakı nəticədən, oyunun səviyyəsindən narazı deyiləm. Sadəcə olaraq, daha yaxşı çıxış etmək olardı. Qitə birinciliyinə çempion kimi yollanacağıq. Sonuncu qalib kimi titulumuzu qorumaq üçün mübarizə aparacağıq.

Xəbər 636 dəfə oxundu.