Avropa Voleybol Konfederasiyasının saytında “Azərreyl” klubu haqqında yazı yerləşdirilib
Avropa Voleybol Konfederasiyasının (CEV) saytında Çempionlar Liqası yarışlarında mübarizə aparacaq Bakının qadınlardan ibarət “Azərreyl” klubu ilə bağlı yazı yerləşdirilib.

“Azərreyl” qələbə ilə başlamağa ümid edir” sərlövhəli yazıda komandanın mötəbər turnirə hazırlığı barədə məlumat verilir.

Yazıda komandanın baş məşqçisi Bülənt Karslıoğlunun aşağıdakı fikirlərinə də yer verilib: “İlk oyunumuzu doğma meydanda “Alyants Ştutqart” komandasına qarşı keçirəcəyik. Rəqibin oyununu təhlil etmişik. Onlar Çempionlar Liqası yarışlarının debütantıdır və inamla oynayıb qələbə qazanmağa çalışacaqlar. Ancaq biz də qarşımıza qələbə qazanmağı məqsəd qoymuşuq. İlk ev oyununda əlimizdən gələni edib qalib olmaq istəyirik.

“Azərreyl”in kapitanı Odina Bayramovanın fikirləri diqqətə çatdırılıb: “Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Sloveniyada güclü hazırlıq keçmişik və komanda yarışlara tam hazırdır. Bizim güclü komandamız var və uğurlu başlanğıca hazırıq”.

“Azərreyl” – “Alyants Ştutqart” oyunu oktyabrın 28-də Bakıda keçiriləcək.

Xəbər 637 dəfə oxundu.