Əfsanəvi güləşçi Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirin rəsmi açılışı olub
Oktyabrın 26-da Bakı İdman Sarayında yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi start götürüb.

Əfsanəvi güləşçi, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunan turnirin açılış mərasimi idmançıların paradı ilə başlayıb.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov tədbirdə çıxış edərək bu ilin Azərbaycan atletləri, xüsusilə güləşçilər üçün uğurlu olduğunu bildirib. Prezident İlham Əliyevin bu sahəyə diqqəti nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda artan uğurlarından danışan T.Eyvazov güləşçilərimizin bu il mötəbər turnirlərdə 78 medal qazandıqlarını vurğulayıb. Yeniyetmələrin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğulayan natiq bu turnirdə bütün bölgələrdən 350-dək idmançının iştirak etdiyini bildirib.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov federasiyanın rəhbəri Fazil Məmmədovun adından idmançılara uğurlar arzu edib. Son illər ölkəmizdə idmanın, xüsusilə güləşin inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən danışan Ə.Cəfərov ənənəvi turnirin keçirilməsində məqsədin Rəşid Məmmədbəyovun xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında güləşin inkişafına və kütləviliyinə nail olmaq, idmançılara Vətənə məhəbbət hisslərini aşılamaq olduğunu qeyd edib. Baş katib, həmçinin bu turnirin gələn il beynəlxalq status alacağını vurğulayıb.

Sonra dövlət himni səsləndirilib.

Yarışın ilk günündə xalça üzərində yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kiloqram çəki dərəcələrində 120 yeniyetmə pəhləvan mübarizə aparıb.

Turnirdə Azərbaycanın bütün bölgələrindən olan güləşçilər, həmçinin İran və Bolqarıstandan olan pəhləvanlar da güclərini sınayırlar.

İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.

Xəbər 684 dəfə oxundu.