“Formula-1” yarışlarının 16-cı – ABŞ Qran-prisi davam edir
“Formula-1” yarışlarının 16-cı – ABŞ Qran-prisi davam edir.

Mötəbər turnirin ABŞ mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır. Uzunluğu 5138 metr olan trasda 56 turda keçiriləcək turnirin birinci günündə sərbəst yürüş yarışları təşkil olunub. Yarışda “Mersedes” komandasının pilotu Niko Rosberq birinci, “Red Bull Racing”in sürücüləri Daniil Kvayt və Daniel Rikkardo ikinci və üçüncü olublar. Çempionatın lideri “Mersedes”in pilotu Levis Hamilton isə beşinci pillədə qərarlaşıb.
İyirmi kəskin döngədən ibarət trasda orta sürət 195, maksimum sürət isə 315 kilometr-saatdır. Yerli sinoptiklərin məlumatına görə, yarışın final mərhələsi güclü yağışlı hava şəraitində ilə keçiriləcək.

Turnirin əsas yarışı oktyabrın 25-də keçiriləcək.
Hazırda çempionata 302 xalla “Mersedes” komandasının britaniyalı pilotu Levis Hamilton liderlik edir. O, əvvəlki 15 mərhələnin 9-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya və Yaponiya keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

“Formula-1” yarışlarının Bakı Qran-prisi gələn ilin iyunun 19-da keçiriləcək.

Xəbər 536 dəfə oxundu.