“Formula-1” ABŞ Qran-prisinin təsnifat yarışı final mərhələsi ilə eyni gündə keçirilə bilər
“Formula-1” yarışlarının 16-cı – ABŞ Qran-prisinin proqramında dəyişiklik edilə bilər.
Yağışlı hava şəraiti Texas ştatının paytaxtı Ostində təşkil olunan yarışda çətinliklər yaradıb. Yarışın ilk günündə - oktyabrın 23-nə nəzərdə tutulmuş ikinci sərbəst yürüş yarışları ləğv olunmuşdu. Sinoptiklərin məlumatına görə, həftənin sonunadək, yəni yarışın final mərhələsində də güclü yağış olacağı gözlənilir.

Yarışın təşkilatçıları hava şəraitinin düzəlməyəcəyi təqdirdə turnirin təsnifat mərhələsinin oktyabrın 24-də deyil, bir gün sonra final yarışından əvvəl keçirməyi qərara alıb.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.
1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.
Qeyd edək ki, “Formula-1” yarışlarının Bakı Qran-prisi gələn ilin iyunun 19-da keçiriləcək.

Xəbər 567 dəfə oxundu.