AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclasında üç klubun müraciətlərinə baxılıb
AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda “Bakılı”, “İnter” və “Neftçi” klublarının müraciətlərinə baxılıb.

Müzakirələrdən sonra qərarlar qəbul olunub.
“Göyəzən” - “Bakılı” oyununda paytaxt təmsilçisinə texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin qərarı qüvvədə qalıb. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barədə lazımi tədbirlər görülərək Apelyasiya və Ekspert Komitəsinə məlumat vermək tapşırılıb.

“İnter” klubunun futbolçusu Zurab Xizanişvilinin dörd oyunluq kənarlaşdırılması barədə İntizam Komitəsinin qərarı da qüvvədə saxlanılıb. Komandanın qapıçısı Giorgi Lomayaya dörd oyunluq cəza verilməsi barədə qərar isə qismən dəyişdirilib. Futbolçu intizam tədbiri olaraq bir oyunluq cəzalandırılıb. Digər üç oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunması qərara alınıb. Qərara əsasən, G.Lomaya sınaq müddətində oxşar hərəkətlərə yol verərsə, ona təyin edilən intizam tədbirinə həmin üç oyunluq cəza əlavə olunacaq.

Bundan başqa, “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəylinin də iki oyunluq cəzası barədə İntizam Komitəsinin qərarı qüvvədə qalıb.


Xəbər 632 dəfə oxundu.