Topaz Premyer Liqasının doqquzuncu turuna AZAL – “Neftçi” oyunu ilə start verilib
Oktyabrın 23-də AZAL – “Neftçi” oyunu ilə futbol üzrə Topaz Premyer Liqasının doqquzuncu turuna start verilib.

“AZAL Arena”da keçirilən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Baş hakim Ramil Diniyevin idarə etdiyi oyunda AZAL-ın heyətində Nuqzar Kvirtiya 24-cü dəqiqədə on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Qonaqlar yalnız 57-ci dəqiqədə hesabı bərabərləşdirə biliblər. “Neftçi”nin heyətində Ruslan Qurbanov komandasının bərabərlik qolunun müəllifi olub. Lakin oyunun əsas vaxtına əlavə edilən hissənin sonuncu dəqiqəsində AZAL daha bir on bir metrlik cərimə zərbəsi vurmaq imkanı qazanıb. Aleksandr Quruli zərbəni dəqiq yerinə yetirərək AZAL-ın qələbəsini rəsmiləşdirib – 2:1.

Bu qələbə sayəsində AZAL xallarının sayını 7-yə çatdırıb. “Neftçi”nin hesabında isə 9 xal var.
Turnirin doqquzuncu turu çərçivəsində oktyabrın 24-də “İnter” – “Rəvan”, “Kəpəz” – “Xəzər-Lənkəran” görüşləri keçiriləcək. Bir gün sonra isə “Sumqayıt” komandası “Qarabağ”ı, “Qəbələ” kollektivi “Zirə”ni qəbul edəcək.

Xəbər 746 dəfə oxundu.