Azərbaycan idmançıları taekvondo üzrə Avropa çempionatında üç medal qazanıblar
Avropa Taekvondo Birliyi tərəfindən Latviyanın Dauqavpils şəhərində keçirilən gənclər arasında qitə birinciliyində Azərbaycan taekvondoçuları üç bürünc medala sahib olublar.
45 ölkədən 448 taekvondoçunun qatıldığı 20-ci qitə birinciliyinin ikinci günündə Mamed Abdullayevin rəhbərlik etdiyi yığma komandamızın üç üzvü adlarını mükafatçılar sırasına yazdırıb.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Qasım Maqomedov ermənistanlı rəqibi Harutyun Karbuzyanı 28:4 hesabı ilə məğlub edib. Ukraynalı İlya Qritsyuk (15:8) və ispaniyalı Xose İgnasio Trexo Munoz (9:0) üzərində inamlı qələbələr qazanan Q.Maqomedov yarımfinala yüksəlib. Lakin yarımfinalda rusiyalı Aleksey Rudniklə gərgin keçən döyüşdə minimal hesabla (20:21) uduzan idmançımız bürünc medalla kifayətlənməli olub.
Digər taekvondoçumuz Kamil Abdulrazakov isə (63 kq) yunanıstanlı Georgios İmvriotisi (15:2), Makedoniya təmsilçisi Kostadin Georgievski (20:4) və danimarkalı Mayk Patrik Smit Anderseni (14:2) yarışdan kənarlaşdırıb. Yarımfinala vəsiqə qazanan K.Abdulrazakovun serbiyalı Nikola Djurdjevic (Serbiya) səddini keçə bilməyib.
Qızların yarışında ölkəmizi təmsil edən Gülxanım Yeşildal da bürünc medala layiq görülüb. G.Yeşildal belaruslu idmançı Svitlana Paçabuta (7:0), almaniyalı Ronda Nata (7:1) və macarıstanlı Senge Patakfala (11:5) şans verməyərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda döyüşdə idmançımız polşalı Patrisa Adamkieviçsə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

Qitə birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Xəbər 709 dəfə oxundu.