Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında iştirak edəcək
Oktyabrın 26-dan 31-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva iştirak edəcəklər.

Tədbir çərçivəsində Assosiasiyanın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyasının, həmçinin 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.

Baş Assambleyada qitə assosiasiyalarının - Avropa Olimpiya Komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzələri dinləniləcək. Rio-de-Janeyro, Tokio Yay və Pyonçanq Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabatları da gündəliyə daxil edilən məsələlər arasındadır. Tədbirdə yeniyetmələr arasında 2018-ci il Buenos-Ayres Yay və 2016-cı il Lillhammer Qış Olimpiya Oyunları da müzakirə olunacaq.

Milli Olimpiya Komitələri Assosiasiyasının növbəti Baş Assambleyası Rio-de-Janeyroda keçiriləcək.

Xəbər 1411 dəfə oxundu.