Texasda “Formula-1” yarışlarının ABŞ Qran-prisinə start veriləcək
Oktyabrın 23-də “Formula-1” yarışlarının 16-cı – ABŞ Qran-prisinə start veriləcək.

Mötəbər turnirin ABŞ mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparacaq. Uzunluğu 5138 metr olan trasda 56 turda keçiriləcək turnirin birinci günündə sərbəst yürüş yarışları təşkil olunacaq. Bu yürüşə “Mersedes“in pilotu Luis Hamilton, “Ferrari”dən Sebastian Vettel, “Force İndia” komandasının pilotu Niko Hulkenberq, “Red Bull Racing”dən Daniel Rikkardo və başqaları qatılacaqlar.

İyirmi kəskin döngədən ibarət trasda orta sürət 195 kilometr-saat, maksimum sürət isə 315 kilometr-saat olacaq. Yerli sinoptiklərin məlumatına görə, yarışın final mərhələsi güclü yağışlı hava şəraitində ilə keçiriləcək.

Turnirin təsnifat turları oktyabrın 24-də, əsas yarış isə ayın 25-də keçiriləcək.

Hazırda çempionata 302 xalla “Mersedes” komandasının britaniyalı pilotu Levis Hamilton liderlik edir. O, əvvəlki 15 mərhələnin 9-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya və Yaponiya keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

Qeyd edək ki, “Formula-1” yarışlarının Bakı Qran-prisi gələn ilin iyunun 19-da keçiriləcək.

Xəbər 578 dəfə oxundu.