Ağdamın “Qarabağ” futbol komandası UEFA Avropa Liqası yarışlarında növbəti oyununu keçirib
Oktyabrın 22-də UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" futbol komandası növbəti oyununu keçirib.

Azərbaycan çempionu Fransada "Lui II" stadionunda yerli "Monako" komandasının qonağı olub.

Danimarkalı baş hakim Yakob Keletin idarə etdiyi oyunda "Qarabağ"ın start heyətində meydana İbrahim Şehiç, Rəşad Sadıxov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlhərabi Əl-Jadeyaui, Əfran İsmayılov, Dani Kintana və Samuel Armenteros çıxıblar.

"Monako"nun ilk on birliyində isə Danial Subaşiç, Fabinyu, Uollas, Rikardu Karvalo, Jeremi Tulalan, Bernardo Silva, Andrea Raci, Tomas Lemar, Joau Moutinyu, Stefan Əl-Şaaravi və Lasina Traore yer alıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb. Matçın 70-ci dəqiqəsində "Monako"nun futbolçusu Stefan Əl-Şaaravinin ötürməsini Lasina Traore qolla tamamlayıb.

Beləliklə, görüş "Monako"nun minimal üstünlüyü ilə başa çatıb – 1:0.

"Qarabağ"ın yer aldığı "J" qrupunda digər oyun Brüsseldə Belçikanın "Anderlext" və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilib. Görüş "Anderlext"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 5 xal olan "Monako" turnir cədvəlində birinci pilləyə yüksəlib. "Anderlext" və "Tottenhem" komandaları isə 4 xalla ikinci və üçüncü pillədə qərarlaşıblar. "Qarabağ" isə üç xalla qrupda sonuncu – dördüncü yerdədir.

Xəbər 652 dəfə oxundu.