Çövkən oyunu üzrə dördüncü Azərbaycan çempionatının finalçıları məlum olub
Oktyabrın 22-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən atüstü milli oyunu üzrə dördüncü Azərbaycan çempionatının yarımfinal qarşılaşmaları oynanılıb.

Yarımfinalda “Polad” komandası Ağdamın “Qarabağ” kollektivini 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Digər oyunda isə “Sərhədçi” komandası “Ağstafa” üzərində 8:0 hesablı parlaq qələbə ilə adını finala yazdırıb.

Beləliklə, oktyabrın 24-də keçiriləcək final qarşılaşmasında “Polad” və “Sərhədçi” komandaları üz-üzə gələcəklər.

Ümumi mükafat fondu 50 min manat olan Azərbaycan çempionatının keçirilməsində məqsəd ölkənin qədim atüstü milli oyunlarının kütləviliyinin artırılması, atçılıq idmanının və milli atçılığın inkişaf etdirilməsi, gənc nəslin təlim-tərbiyəsində milli ənənələrin və sağlam həyat tərzinin təbliğidir.

Xəbər 1421 dəfə oxundu.