Cüdoçularımızın dünya çempionatındakı ilk rəqibləri müəyyənləşib
Xəbər verdiyimiz kimi, gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatında iştirak edəcəklər.

Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Natiq Qurbanlı monqolustanlı Ariunbold Enxtaivan, Sadıx Məhərrəmov iranlı Mohammed Raşnonejat (hər ikisi 55 kq) ilə üz-üzə gələcəklər. Elbrus Zamanov Malavi təmsilçisi Çikondi Kateveranı, Davud Məmmədov isə Taiko Fujisaka (Yaponiya) – Patrik Mendiola (hər ikisi 60 kq) duelinin qalibi ilə qarşılaşacaq. Yarışda Hidayət Heydərov (66 kq) fələstinli Muayyad Tvaib, Hüseyn Rəhimli (73 kq) Böyük Britaniya təmsilçisi Erik Ham, Rüfət İsmayılov (81 kq) lüksemburqlu Bilqe Bayanaa ilə gücünü sınayacaq. Firudin Dadaşov Yeni Zelandiya təmsilçisi Mettyu Rouli, Vasif Şərbətli xorvatiyalı Marko Kumriç (hər ikisi 90 kq), Cəlil Şükürov (100 kq) braziliyalı Leonardo Qonsalves ilə mübarizə aparacaq.

Qadın idmançılarımızdan isə Leyla Əliyeva (48 kq) Türkmənistan təmsilçisi Arzuv Yalkapova, Səkinə Zairova (52 kq) isə mərakeşli İkram Soukate ilə üz-üzə gələcək.

Oktyabrın 23-dən 27-dək keçiriləcək çempionatda 82 ölkədən 338 kişi və 222 qadın güləşçi birincilik uğrunda gücünü sınayacaq.

Xəbər 664 dəfə oxundu.