Qurban Qurbanov: Bizi çətin oyunun gözlədiyinin fərqindəyik
Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, əlimizdən gələni etməyə çalışacağıq.

Bu sözləri UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Fransada yerli “Monako” klubu ilə qarşılaşacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, ikinci pillədə qərarlaşmağımıza baxmayaraq, qrupun favoriti rəqiblərimizdir. Hər halda onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. “Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son turadək komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nə isə söyləmək çətindir. “Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə məşhurdur.

Rəqibin çox güclü olduğunu deyən “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ötən il onların oyununu izlədiyini bildirib. Vaxtilə Çempionlar Liqasında oyunlarına baxmışam. Ola bilsin, bəzi futbolçular artıq komandada deyil. Ancaq yenə də rəqibin gücünə şübhə yoxdur. “Monako” istedadlı gənc və təcrübəli futbolçulardan ibarət kollektivdir. Ona görə də diqqətli olmalıyıq.

“Monako” – “Qarabağ” matçı oktyabrın 22-də saat 22:00-da “Lui II” stadionunda start götürəcək. Matçın baş hakimi Yakob Keletdir. Ona Henrik Larsen və Heyne Sorensen yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək.

Xəbər 675 dəfə oxundu.