Lənkəranda şahmat üzrə respublika çempionatının zona yarışları başa çatıb
Lənkəran şəhərindəki şahmat məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında şahmat üzrə respublika çempionatının zona yarışları başa çatıb.

İsveçrə sistemi üzrə keçirilən və on gün davam edən zona birinciliyində 10 komandanı təmsil edən 120 şahmatçı 6 yaş qrupunda qələbə uğrunda mübarizə aparıb.

Kiçik yaşlı şahmatçıların mübarizəsində final mərhələyə vəsiqə qazanan 36 şahmatçının adı məlum olub. Bu vəsiqələrdən 18-ni Lənkəran Şəhər Şahmat məktəbinin yetirmələri əldə ediblər.

Bununla yanaşı, Bakıdan 6, Neftçaladan 5, Masallıdan 4, Astaradan 2, Yardımlıdan 1 şahmatçı final mərhələsində iştirak etmək hüququ qazanıb.

Zona birinciliyinin qaliblərinə diplomlar və qiymətli hədiyyələr verilib.

Respublika çempionatının final mərhələsində birinci yeri tutan şahmatçı 2016-cı ildə keçiriləcək məktəblilərin dünya çempionatına, ikinci yeri tutan şahmatçılar isə Avropa çempionatına vəsiqə qazanacaqlar.

Xəbər 798 dəfə oxundu.