Roman Qriqorçuk: Azərbaycana səviyyəli və peşəkar xarici komandaları gətirmək qürurvericidir
“Qəbələ” komandası qələbə qazanmaq üçün bütün gücünü səfərbər edəcək.

Bu sözləri oktyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Qəbələ” (Azərbaycan) və “Borussiya” Dortmund (Almaniya) matçından əvvəl təşkil edilən mətbuat konfransında “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

R.Qriqorçuk bildirib ki, “Borussiya” Dortmunda qarşı start heyəti açıqlaya bilməcəyəm. Çünki hələ heyətlə bağlı dəqiq qənaətə gəlməmişəm. Sözlə deyil, oyunumuzla sübut etməliyik. Hücuma üstünlük verəcəklərini qeyd edən ukraynalı mütəxəssis vurğulayıb ki, dortmundlulara qarşı ancaq hücumla müsbət nəticə əldə etmək olar.

“Borussiya”nın oyunlarını yetərincə təhlil etmişik. Bu səbəbdən narahatlığa heç bir lüzum yoxdur, bunun üçün həm emosional və psixoloji hazırlıq keçmişik. Futbolçularıma güvənirəm və yetirmələrimin sabah bu etimadı doğruldacağına inanıram”-deyə R.Qriqorçuk bildirib.

Ukrayna millisini çalışdırmaqla bağlı suala aydınlıq gətirən baş məşqçi bu mövsümün sonunadək “Qəbələ” ilə müqaviləsi olduğunu, Azərbaycan klubuna hörmət bəslədiyini və Ukrayna yığmasında işləmək barədə düşünmədiyini diqqətə çatdırıb.

“Qəbələ” – “Borussiya” Dortmund qarşılaşması oktyabrın 22-də saat 20:00-da “Bakcell Arena”da başlayacaq.

Xəbər 669 dəfə oxundu.