Aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının çıxışı və hazırlığı müzakirə olunub
Oktyabrın 20-də AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin iclası keçirilib.

İclasda AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, texniki direktor Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, seleksiya işləri üzrə baş əlaqələndirici Riad Rəfiyev və Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyev iştirak ediblər.

Aparılmış müzakirələrdən sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadəyə Avropa çempionatının seçmə mərhələsinin qarşıdakı iki oyununda səhvlərdən nəticə çıxarması, komandanın oyunlara daha yaxşı hazırlanması üçün bütün imkanlardan istifadə edilməsi tövsiyə olunub.

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Avstriya yığması ilə səfər oyununa gedən futbolçuların müvafiq gündəlik xərclərinin ödənilməməsi qərara alınıb. Həmçinin U-21-in Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılmasının vacibliyi vurğulanıb.

Bundan başqa, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2016-cı ilin birinci rübü üçün təlim-məşq proqramı təsdiq olunub. Bu ilin dekabrında U-20 və U-18 yığmalarının Mərdəkan qəsəbəsindəki Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışının təşkil olunması, toplanışa A milli yığma komandanın məşqçilərinin iştirakı və Məşqçilər Komitəsinin nəzarəti altında U-21 və U-19 yığmalarının köməkçi məşqçilərinin rəhbərlik etməsi qərara alınıb.

Xəbər 726 dəfə oxundu.