“Sumqayıt”da rekord təkrarlandı
Pərdis Fərcad-Azad “Sumqayıt”ın rekordunu təkrarlamaqla klubun tarixinə düşüb.

Topaz Premyer Liqasının VIII turunun “İnter”lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı hücumçu klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb. “Sumqayıt”ın heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstərici ilə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq klubda çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanından yararlanıb. Komandasındakı 66-cı oyununda buna nail olan Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir.

Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/2013-cü (23 oyun), 6-nı 2013/2014-cü (24 oyun), 2-ni 2014/2015-ci (12 oyun) mövsümdə vurub.

“Sumqayıt”ın Premyer Liqada 3-cü bombardiri Orxan Əliyevin hesabında isə 14 top var.

Xəbər 672 dəfə oxundu.