Yeni şübhələr toxumu səpib milli mövsümlə vidalaşır
Azərbaycan milli futbol komandası daha bir seçmə mərhələni təzadlarla başa vurdu. Hər şeyin, əvvəldən də proqnozlaşdırıb gözlədiyimiz kimi, çox bərbad başladığı bir mərhələdə komanda ən uzunmüddətli baş məşqçisini yola saldıqdan sonra ümidləndi. Xorvatiyada biabırçı və tam ümidsiz məğlubiyyətdən sonra AFFA-ya minnətlərlə, eyhamlarla “təşəkkür"ünü bildirib vidalaşan, şıltaqlıqla bəslənmiş almaniyalı mütəxəssisi xorvatiyalı daha gənc çalışdırıcı əvəzləyəndən sonra yeni ümidlər parladı.

Komanda ilk oyunlarda tam fərqli göründü və ta oktyabra qədər uduzmadı. Lakin Maltada qəribə meylin közərtisi göründü. Hərçənd bunu komandanın növbəti axtarış fəndi kimi də qiymətləndirmək olar. Çünki milli bir-birindən fərqli rəqiblərlə sınaqlarda özünü görüb tanımalı, qədim romalılar demiş, üslubları tez-tez çevirməyə vərdiş etməlidir. Üstəlik, "Qarabağ"ın dalbadal ikinci il Avropa liqasına vəsiqə qazanması və bu yarışda topladığı təcrübə də komandanın karına gələcəkdi ("Qəbələ" Avropa arenasında əsasən əcnəbilərə güvəndiyindən, onun təcrübəsinin təsirlərini tam şərti qəbul etmək olar).

Prosineçkinin ilk bəyənilən cəhəti, məncə, təkəbbürdən uzaq, praktik praqmatik yanaşma tərzi ilə futbolumuzun mövcud vəziyyətini doğru-dürüst qiymətləndirib heyət qurması oldu. Əlbəttə, belə olanda, hər hansı məqamda məşqçi ilə razılaşmayanda da, bunu onun seçim tərzi ilə əlaqələndirib, qərarına hörmətlə yanaşırsan. Çünki yeni məşqçi Azərbaycan futbolunu öyrənib onun hazırkı vəziyyəti ilə nəfəs alan bir komanda qurmaq istədiyini hər an nümayiş etdirir. Di gəl, oyunlardan son 3-ündə, daha çox isə son 2-sində tam fərqli mənzərəni müşahidə etdik. Milli çox yorğun, sanki uzun səfərdən qayıtmış qocanı xatırladırdı. İlin-günün bu vaxt-vədəsində bu sayaq yorğunluq-arğınlıq haqlı şübhə mənbəyidir. Söz yox ki, bu komandadan qəfil sıçrayışlar da gözləməyə dəyməz. Onun heç orta Avropa səviyyəsində də böyük təcrübəsi olan nə bir futbolçusu, nə də heyəti arxasınca apara biləcək lideri var. Bu komandanın xəmiri mübarizədə yoğrulmalıdır.

Əlbəttə, mübarizlik, sadəcə, meydanda özünü ora-bura vurub, azarkeşə xoş gəlmək deyil. Mübarizlik meydanın hər qarışında ağılla oynamaq və rəqiblə ayaqlaşmaq üçün vuruşmaq qabiliyyətidir. Komandamızda buna qədər bəzən belə mübarizlik olurdu, lakin taktiki çiylik onu həmişə bədbin notlara kökləyir. Bunu Prosineçkinin qulağına pıçıldayan lazımdır.

Taktiki mənada komandamız son iki matçında meydana bir az fərqli təbirlə çıxmalı idi. Bu, strateji məsələdir. Məğlubiyyətlərin bədbin notları da buradan irəli gəlir. Orta Avropa və cənub ölkələri ilə oynamaq bizim komandalarımız üçün üslub və tərz yaxınlığına görə həmişə çətin olacaq. Bu səbəbdən, bəzən parlaq matçları uçurumlar da əvəzləyə bilər. Buna görə də ötən il İtaliya ilə oyunda, məhz rəqibin adına görə, dirəniş nümayiş etdirən komandamız, üç gün sonra Xorvatiyada bir az boşluq buraxan kimi, ağır cəzalandırıldı. Foqts bunların səbəblərini axıra qədər anlaya bilmədi, heç bilməyəcəkdi də. Prosineçki isə millimizə yaxından bələd olmaq istəyir. Belə matçlar üçün o, fərqli taktiki variantlar seçməlidir. Unutmayaq ki, biz hələ ki, rəqiblərlə öz oyunumuzu oynayaraq ayaqlaşa bilmərik. Məşqçidən və onun heyətindən çox şey asılıdır. Xüsusən də, futbolçuların psixoloji qavrayışını möhkəmlətmək üçün hər belə oyuna məşqçinin sözü və əməli olmalıdır.

Prosineçki əvvəlki matçlardakı kimi standart bir qəlib tərtib etdiyindən bu qədər yanıldığını anlayandan sonra ona məhz futbolçuların hazırlıq prosesini izləyib bəzi yenilikləri etmək lazım gələcək. Onun qarşısında növbəti seçmə mərhələdə daha ciddi tapşırıqlar qoyulmalıdır. Söz yox ki, onun məşqçinin işinə qiymət məhz hər oyundan sonra və hər qısa təlim dövrlərində verilməlidir.

Deyilənləri və fikrimcə, yol verdiyi son yanlışlıqları və nöqsanları nəzərə alaraq, Presineçkinin Avro-2016 dövrü üçün məşqçiliyini kafiyə yaxın qiymətləndirmək olar. Əlbəttə, o, təfəkkür inqilabı edib, yeni fövqəlmöcüzəyə nail olmayacaqdı. Lakin, ən azı, Maltada qələbə və Bolqarıstanda heç-heçə üçün müxtəlif seçim imkanları da var idi. Məşqçinin əvvəlki uğurlara aludə olaraq, eyni yolu təqib etmək istədiyi aşkar idi. Ancaq birtipli komanda olmur. Xüsusən də, futbolumuzun indiki səviyyəsinə görə bu, mümkün deyil.

Qarşıdakı seçmə mərhələdə baş məşqçinin işi həm çox ağır, həm də nisbətən münbit şəraitli olacaq. Ağır olacaq ona görə ki, San Marinonu çıxmaq şərtilə, digər rəqiblərin hər biri komandamıza qalib gəlməyə qadirdir. Uyğun şərait isə ondan ibarətdir ki, haradasa Almaniya ilə ayaqlaşmaq çətin olsa da, digər komandaların hər biri ilə hətta çexlərlədə, azı, doğma divarlar arasında makismum nəticə üçün oynamaq mümkündür. Ən yaxşı hazırlıq proqramı isə iki hissəyə bölünə bilər. Yəni strateji taktika üçün iki oyun modeli qarşıda dayanacaq: biri Almaniya və Çexiya üçündür; digəri Norveç və Şimali İrlandiya ilə oyunların planıdır.

Qarşıda hələ uzun vaxt var. Foqtsun yoldaşlıq matçları qəhrəmanlığından artıq məqsədyönlü rəqiblər seçərək, normal hazırlıq dövrü keçməyə cəhd etmək olar. Bunun üçün rəqiblərin potensialını da nəzərə alaraq, normal qrafik qurmaq olar. Bunu məşqçi AFFA-dan tələb etməli və faydası olmayacaq təlim-məşq prinsiplərindən əl çəkməlidir.

BATI YAR



Xəbər 1697 dəfə oxundu.