Məhərrəm Sultanzadə: Lisenziyaların sayını artıra bilərik

Fevralın 4-də Bakıda atletika üzrə beynəlxalq turnir start götürəcək. Böyüklər və yeniyetmələr arasında keçiriləcək turnirdə idmançılar uzunluğa tullanma (kişilər, qızlar, oğlanlar), üçtəkanla tullanma (kişilər), Yakut tullanmaları (oğlanlar) proqramında mübarizə aparacaqlar. 2 gün davam edəcək mübarizədə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Gürcüstan atletləri də qüvvələrini sınayacaqlar.

Yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadə ənənəvi keçirilən bu yarışa ciddi hazırlaşdığını deyib: «Beynəlxalq turnir həm də London olimpiadasına lisenziya verir. Yığma komandamızın üzvü Murad İbadullayev və Teymur Abbasov perspektivli idmançılardan hesab olunurlar. Murad gənclər arasında Avropa çempionatının gümüş mükafatçısıdır.

Qarşıda idmançılarımızı bir sıra ciddi yarışlar gözləyir. Azərbaycan çempionatı və kubok yarışları, eləcə də Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir Beynəlxalq Atletika Federasiyasının təqviminə daxil olduğu üçün, bu yarışlar da London olimpiadasına lisenziya verir. Düşünürəm ki, Əfqan Səfərovun xatirəsinə həsr ediləcək beynəlxalq turnirdə lisenziyalarımızın sayını artıra bilərik».

Baş məşqçi əlavə edib ki, yeniyetmə idmançı Yekaterina Sarıyeva bu yaxınlarda Volqoqradda böyüklər arasında keçirilmiş beynəlxalq turnirdə üçtəkanla tullanma proramında yaxşı nəticə göstərib (12,68 metr). Üçtəkanla tullanmada Murad İbadullayev (15,88 metr) 1-ci, Teymur Abbasov (15,58 metr) 2-ci yeri tutub.

Leyla Qurbanova

Xəbər 1250 dəfə oxundu.