Şahmat klublarımız Avropa Kuboku yarışlarına uğurla başlayıb
Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib.

“SOCAR-Azerbaijan” şahmat klubunun mətbuat xidmətindən verilən məlumata görə, 50 komandanın iştirak etdiyi Avropa Kuboku yarışlarında Azərbaycan iki klubla təmsil olunur. Bunlar Avropa Kubokunun son qalibi "SOCAR-Azerbaijan" və "Odlar Yurdu" klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan" Finlandiyanın "Tammer-Şakki" kollektivini üstələyib 5,5:0,5. Komandamızın heyətində Veselin Topalov, Aniş Giri, Maykl Adams, Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.

Digər klubumuz "Odlar Yurdu" İngiltərənin "Uayt Roz" komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani, Nicat Abbasov, Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbə ilə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov isə məğlubiyyət acısı yaşayıb.

Xəbər 588 dəfə oxundu.