Oleq Krapivin: Azərbaycan pəhləvanlar ölkəsidir
Ukraynanın Odessa şəhərində “Zolotoy manqust” VII beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib.

“Zolotoy manqust” idmançıların zəhmət və nailiyyətlərini, habelə idmanın inkişafına töhfə verən veteranların, siyasətçilərin və xeyriyyəçilərin fəaliyyətini qiymətləndirən mükafatdır.
Beynəlxalq mükafatın builki laureatları yüksək nəticələr əldə etmiş şəxslər və Ukrayna sərhədlərindən uzaqda tanınan görkəmli adamlardır.

İdmanda mühüm nailiyyətlərinə, idman ruhunun və nüfuzunun dirçəldilməsindəki xidmətlərinə görə sərbəst güləş üzrə Azərbaycanın və keçmiş ittifaqın Əməkdar İdman Ustası, Azərbaycanın Əməkdar Məşqçisi, SSRİ və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş, veteranlar arasında sərbəst güləş üzrə dünya çempionu, Ukraynada keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmələr və qızlar arasında sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnirin banisi və baş sponsoru Oleq Krapivin “Zolotoy manqust” ordeninə layiq görülüb. İdman “Oskar”ı adlandırılan bu mükafat təmiz qızıldan hazırlanıb və üç ədəd brilyant qaşla bəzədilib.
Xatırladaq ki, Oleq Krapivin həm də Ukraynada fəaliyyət göstərən “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının prezidenti, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.

Tədbirdə O.Krapivin Azərbaycanda bədən tərbiyəsi və idmanın çiçəklənməsindən, Bakıda birinci Avropa Oyunlarının böyük uğurundan söz açıb. O, çıxışının sonunda deyib: “Azərbaycan digər atletlərlə yanaşı, həm də pəhləvanlar ölkəsidir ki, birinci Avropa Oyunları bunu bir daha göstərdi”.

AZƏRTAC


Xəbər 708 dəfə oxundu.