Nicat Şıxəlizadə “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq
Beş azərbaycanlı cüdoçu Fransanın paytaxtında keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə tatamiyə çıxıb.

İlqar Müşkiyev (60 kq) çıxışını lüksemburqlu Tom Şmidt üzərində vaxtından əvvəl qələbə ilə başlayıb, sonra belçikalı Senne Vinsi məğlub edib. O, üçüncü dövrədə braziliyalı Erik Takabatakeyə uduzaraq mübarizəni dayandırıb.

Nicat Şıxəlizadə (66 kq) ilk tutaşmada israilli Barux Şmaylovu, sonra isə hollandiyalı Junior Degeni məğlub edib. N.Şıxəlizadə portuqaliyalı Sergey Oleynikə ippon fəndi ilə qalib gələrək yarımfinala çıxıb. O, yarımfinalda monqolustanlı Turumxuleq Davadorja məğlub olub. Azərbaycanlı cüdoçu üçüncü yer uğrunda yarışda bu ölkənin digər idmançısı Altansux Dovdonla qarşılaşacaq.

Bu kateqoriyada çıxış edən Tərlan Kərimov isə ilk görüşündə meksikalı Eduardo Araujoya qalib gəlib, lakin sonra ukraynalı Georgi Zantarayaya məğlub olub və mübarizəni dayandırıb.

Azərbaycan təmsilçisi Rüstəm Orucov (73 kq) ukraynalı Sergey Drebotu 30 saniyə ərzində məğlub edib. O, növbəti dairədə türk Həsən Vanlıoğlunu da vaxtından əvvəl məğlub edib, bundan sonra almaniyalı İqor Vandtken üzərində qələbə çalıb. R.Orucov yarımfinalda çinli Şuai Sunla qarşılaşacaq.

Qadınlar arasında yarışın əvvəlində Ayişə Qurbanlı (48 kq) türk Ebru Şainə məğlub olub.

Xəbər 691 dəfə oxundu.