Azərbaycanın ən güclü cüdoçuları Parisə yola düşüb
Oktyabrın 17-də və 18-də Parisdəki dünya şöhrətli “Bersi” zalında “Böyük dəbilqə” seriyasından dünya turnirlərinin üçüncü mərhələsi keçiriləcək.

Olimpiya reytinq yarışlarının Fransa mərhələsi bu mövsümdə üçüncü mərhələdir. Bundan əvvəl Bakıda və Tümendə analoji turnirlər keçirilib. Cari ilin sonuna qədər Əbu-Dabidə və Tokioda daha iki mərhələ keçirilməlidir. Bu yarışlarda qazanılan uğurlar idmançıların 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün reytinq göstəricilərini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək. Bu mərhələdə qızıl medal alan idmançı 500 xal, ikinci yerin sahibi 300 xal, bürünc mükafatçıların hərəsi 200 xal qazanacaq.

“Böyük dəbilqə” turnirinin oktyabrda Parisdə keçirilən mərhələsində Azərbaycan yığması 12 cüdoçu ilə təmsil olunacaq. Kişilərin turnirində İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə və Tərlan Kərimov (hər ikisi – 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev və Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq), həmçinin Uşanqi Kokauri (102 kq-dan çox), qadınların turnirində isə Ayişə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) tatami üzərinə çıxacaqlar.

Turnirdə iştirak etmək üçün 60 ölkədən 400-dən çox idmançı müraciət edib.

Cüdo üzrə prestijli “Böyük dəbilqə” turnirini haqlı olaraq qeyri-rəsmi dünya çempionatı adlandırırlar. Bu turnir yenilənmiş “Bersi” idman kompleksində tamaşaçıları sevindirəcək ilk yarış olacaq. Paris turnirinin 40 ildən artıq tarixi var. Bütün bu illər ərzində turnir dövründə tribunalarda minlərlə azarkeş, televiziya ekranlarının qarşısında isə yüz minlərlə tamaşaçı toplaşır.

Xəbər 801 dəfə oxundu.