Basketbol üzrə Türkiyə çempionu “Pınar Karşıyaka” Avroliqada “Barselona” komandasını məğlub edib
Basketbol üzrə Avroliqa turnirində yeni mövsümə start verilib.

Komandaların hərəsində 6 komanda olmaqla, dörd qrupda (“A”, “B”, “C”, “D”) mübarizə apardığı turnirin ilk turunda azarkeşlər sürpriz nəticələrin şahidi olublar.

Günün əsas gözlənilməz nəticəsi Türkiyənin İzmir şəhərində qeydə alınıb. “C” qrupu çərçivəsində Türkiyə çempionu “Pınar Karşıyaka” komandası tarixində ilk dəfə iştirak etdiyi Avroliqa birinciliyində qitənin güclü klublarından sayılan “Barselona” kollektivini (İspaniya) məğlub edib. Görüşün əvvəlində meydanda gərgin mübarizə gedib. İki perioddan sonra hesab 29:27 qardaş Türkiyə komandasının xeyrinə olub. Fasilədən sonra daha məhsuldar keçən oyun “Pınar Karşıyaka”nın tarixi qələbəsi ilə başa çatıb - 71:62. Matçın qəhrəmanı 16 xal toplayan Koldon Ayverson olub.

Turnirin favoritlərindən olan “Olimpiakos” yarışa uğurla başlayıb. “B” qrupunda mübarizə aparan Afina klubu Xorvatiyanın “Çedevita” klubunu məğlub etməkdə çətinlik çəkməyib. Qonaqlar yalnız ilk hissədə rəqibə ciddi müqavimət göstəriblər. Sonrakı hissələrdə isə “Olimpiakos” basketbolçuları müdafiədə inamlı oyun və dəqiq atışlarla qalib gəliblər – 76:61. “Olimpiakos”un ulduzu Vassilis Spanoulis start heyətində meydana çıxıb və 5 xal, 7 məhsuldar ötürmə ilə diqqət çəkib.

“D” qrupunda Moskvada isə iki iddialı komanda üz-üzə gəlib. “MOİK” doğma azarkeşlər önündə “Makkabi” (Tel-Aviv, İsrail) klubu ilə qarşılaşıb. Çoxları bu oyunun gərgin keçəcəyini gözləsə də, əksinə olub. Rusiya komandası rəqibini 31 xal fərqi ilə məğlub edib - 100:69. Xatırladaq ki, ötən mövsüm də açılış oyununda “MOİK” İsrail komandasına qalib gəlmişdi.

Eyni qrupda yarışan və İstanbulda keçirilən “Darüşşafaka” və “Dinamo Sassari” (İtaliya) kollektivlərinin oyunu over-tayma qədər uzanıb. Qrupun ən zəif komandalarından biri olan İtaliya komandası görüşün əsas vaxtında rəqibinə qarşı müqavimət göstərə bilib. Over-taymdan sonra isə Türkiyə təmsilçisinin qələbəsi qeydə alınıb - 83:74.

“A” qrupunda “Srvena zvezda” (Serbiya) və “Strasburq” (Fransa) basketbol komandaları arasındakı oyun Serbiya təmsilçisinin 81:59 hesablı üstünlüyü ilə başa çatıb.

Turnirin qrup mərhələsinin oyunları dekabrın 18-də başa çatacaq.

Qruplarda ən çox xal toplamış dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, 24 komandanın mübarizə apardığı Avroliqa turnirinə gələn il mayın 15-də yekun vurulacaq. Turnirin yarımfinal və final oyunları Berlində keçiriləcək.

Xəbər 925 dəfə oxundu.