Azərbaycan boksçusu Elvin Məmişzadə dünya çempionu adını qazanıb
Oktyabrın 15-də Azərbaycan boksçusu Elvin Məmişzadə Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatının qalibi adını qazanıb.

Millimizin üzvü, birinci Avropa Oyunlarının çempionu Elvin Məmişzadə (52 kq) həlledici qarşılaşmada kubalı boksçu Yosbani Veitia ilə gərgin keçən döyüşdə 3:0 hesabı ilə qalib gəlib.

Elvin Məmişzadə oktyabrın 12-də finala yüksələrək “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda digər boksçularımız Albert Səlimov (60 kq) qızıl, Pərviz Bağırov (69 kq) isə bürünc medallar uğrunda mübarizə aparırlar.

Azərbaycan milli komandasının üzvü Abdulqadir Abdullayev (91 kq) ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənmişdi.

Xəbər 791 dəfə oxundu.