“Qarabağ” bir neçə görüşdə meydana Reynaldosuz çıxacaq
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” futbol klubu ciddi itki ilə üzləşib.

Klub qarşıdakı bir neçə oyunda braziliyalı legioner Reynaldonun xidmətindən yararlana bilməyəcək. Buna səbəb futbolçunun dizində zədənin olmasıdır. Zədə ilə bağlı aparılan tibbi müayinənin nəticəsində onun dizinə su yığıldığı aşkarlanıb. Reynaldo UEFA “Avropa Liqası”nın qrup mərhələsi çərçivəsində “Anderlext” ilə Bakıda keçirilən matçda dizindən zədə almışdı.

Futbolçunun Premyer Liqanın 8-ci turunda “Zirə” və “Sumqayıt” komandalarına, eləcə də Avropa Liqasında “Monako”ya qarşı keçiriləcək oyunlarda iştirak edə bilməyəcəyi açıqlanıb.

Xəbər 1047 dəfə oxundu.