Kişi voleybolçular arasında Avropa çempionatında gərgin və maraqlı qarşılaşmalar oynanılır
Bolqarıstanda və İtaliyada keçirilən kişi voleybolçular arasında Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Çempionatın dörddəbir final mərhələsində Sofiyada keçirilən Polşa-Sloveniya qarşılaşmasında mübarizə beş setdə davam edib. Oyuna fəal başlayan Sloveniya voleybolçuları ilk hissədə 25:19 və 25:17 hesabı ilə qalib gəliblər. Növbəti setdə təşəbbüsə yiyələnən Polşa millisi rəqibini 25:23 hesabı ilə məğlub edib. Polşa voleybolçuları dördüncü hissəni də öz xeyrinə başa vurublar. Qalibi müəyyənləşdirmək üçün keçirilən beşinci setdə yenidən Sloveniya seçməsi uğur qazanaraq Avropa çempionatının yarımfinalına yüksəlib.

Bu mərhələnin İtaliyada keçirilən digər görüşündə Fransa millisi Serbiyanı məğlub edib. İlk setdə 25:22 hesabı ilə üstün olan Fransa idmançıları növbəti hissəni də xeyrinə başa vurublar - 25:23. Üçüncü hissədə serblər 25:14 hesabı ilə qalib gələrək setlərdən birinin əvəzini çıxıblar. Lakin dördüncü setdə Fransa komandası 25:20 hesabı ilə qələbə qazanaraq yarımfinala adlayıb.

Mərhələnin digər oyunlarında Bolqarıstan seçməsi Almaniya komandasına, meydan sahibləri İtaliya voleybolçuları isə Rusiya millisinə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda Fransa millisi Bolqarıstan komandası, Sloveniya voleybolçuları isə İtaliya seçməsi ilə qarşılaşacaq.

Avropa çempionatına oktyabrın 18-də yekun vurulacaq.

Xəbər 713 dəfə oxundu.