Kriştiano Ronaldo dördüncü dəfə “Qızıl buts” mükafatına sahib olub
“Real” Madrid futbol klubunun hücumçusu Kriştiano Ronaldoya “Qızıl Buts” mükafatı təqdim olunub.

Madriddə baş tutan mərasimdə kral klubunun prezidenti Florentino Peres və komandanın baş məşqçisi Rafael Benites də iştirak ediblər.

Otuz yaşlı portuqaliyalı artıq dördüncü dəfədir “Qızıl buts” mükafatına layıq görülür. Bununla da o, yeni rekord müəyyənləşdirib. Portuqaliyalı futbolçu ötən mövsüm İspaniya çempionatında 35 oyunda 48 qol vurub.

Qeyd edək ki, “Real”da 2009-cu ildən forma geyən məşhur futbolçu 324 qolla klub tarixinin ən məhsuldar oyunçusu ünvanına sahib olaraq Raul Qonzalesi geridə qoyub. Raul Qonzales kral klubunda çıxış etdiyi 1994-2010-cu illərdə 323, “Real”ın əfsanəvi futbolçusu Alfredo Di Stefano isə 1953-1964-cü illərdə 308 qol vurub.

Xəbər 816 dəfə oxundu.