Teymur Rəcəbov sürətli şahmat üzrə Dünya Çempionatında bürünc medal qazandı
Oktyabrın 10-da Almaniyanın Berlin şəhərində start götürən sürətli şahmat üzrə Dünya Çempionatı başa çatıb. Dünyanın ən güclü şahmatçıları da daxil olmaqla 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil edirdilər.

Çempion adını 15 turdan aktivinə 11.5 xal yazan Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen qazanıb. Təmsilçimiz Teymur Rəcəbov, Rusiyalı İan Nepomniatçi və Kuba şahmatçısı Perez Leyner Dominqez hərəyə 10.5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər.Teymur Rəcəbov əlavə göstəricilərə görə bürünc medala sahib olub. Şəhriyar Məmmədyarov 10 xal toplyaraq 5-12-ci yerləri bölüşdürərək əlavə göstəricilərə görə 10-cu olub. Qədir Hüseynov 9.5 xalla 24-cü, Rauf Məmmədov 8 xalla 52-ci, Eltac Səfərli isə 54-cü pillədə qərarlaşıb.

Çempionat isveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilirdi. Oktyabrın 13-14-də isə blits turnir keçiriləcək.

Xəbər 658 dəfə oxundu.