Azərbaycan millisi bu gün AVRO-2016-nın seçmə mərhələsində son oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsində son oyununu keçirəcək. Rəqib Bolqarıstan yığması olacaq.
Sofiyanın "Vasil Levski" stadionunda oynanılacaq qarşılaşmanı macarıstanlı Tamaş Baqnarın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

H qrupunda qərarlaşan hər iki komanda AVRO-2016-nın final mərhələsinə vəsiqə şansını itirib. Hazırda Bolqarıstan 8 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədədir. Yalnız qələbə təqdirində qonaqlar 4-cü pilləyə yüksələ bilərlər.

Həm meydan sahibləri, həm də qonaqlar tsiklin gedişində baş məşqçi dəyişikliyinə əl atıblar. Hazırda komandalara müvafiq olaraq, İvaylo Petevlə Robert Prosineçki rəhbərlik edir. Azərbaycan millisi 6 xalı məhz Prosineçkinin rəhbərliyi altında yığıb. Seçmə tsikli 4-cü pillədə başa vurmaqdan ötrü xorvatiyalı mütəxəssisin komandası mütləq qalib gəlməlidir.

Bu oyunda mərkəz müdafiəçisi Bədavi Hüseynov iştirak etməyəcək. O, ötən tur İtaliya ilə qarşılaşmada qırmızı vərəqə alıb. Ümumilikdə start heyətdə 3 dəyişiklik edilib. Hüseynovu Ruslan Abışov, sol cinah müdafiəçisi Arif Daşdəmirovu Məhəmməd Mirzəbəyov, yarımmüdafiəçi Eddi İsrafilovu isə 18 yaşlı Elnur Cəfərov əvəzləyib. İtaliya ilə qarşılaşmadan fərqli olaraq, Prosineçki hücumameyilli oyunçulara yer verib. Sadalanan 3 futbolçudan əlavə, Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov və Ruslan Qurbanov ilk "11-lik"də olacaq.

Bolqarıstan millisi isə daha çox gənclərdən ibarət heyətlə oynayacaq. Bunu Petev də oyunöncəsi mətbuat konfransında təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2016-nın seçmə tsiklinə də Bolqarıstana qarşı matçla başlayıb. 2014-cü il sentyabrın 9-da Bakıda baş tutmuş qarşılaşmada qonaqlar qalib gəlib - 2:1.
AVRO-2016
Seçmə mərhələ

H qrupu
23:45. Bolqarıstan - Azərbaycan
Baş hakim: Tamaş Boqnar
Yan xətt hakimləri: Peter Berettyan, Qabor Erös
Dördüncü hakim: Teodoros Georgiu
Əlavə köməkçi hakimlər: İştvan Vad, Solt Sabo (hamısı Macarıstan)
Sofiya, "Vasil Levski" stadionu.

Xəbər 647 dəfə oxundu.