Avro-2016-ya vəsiqə qazanan 16 komanda məlum oldu
Bu gün keçirilən 8 oyunla "Avro-2016"nın D, F və İ qruplarında seçmə mərhələnin oyunlarına yekun vurulub.

Daha 4 yığma Avropa çempionatının final mərhələsinə adını yazdırıb.

D qrupunda lider Almaniya öz meydanında Gürcüstanı 2:1 hesabı ilə məğlub etməklə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər oyununda evdə İrlandiyanı üstələyən (2:1) Polşa da birbaşa "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib.


F qrupunda Şimali İrlandiyanın ardından Rumıniya, İ qrupunda isə Portuqaliya ilə yanaşı, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığması Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.
Digər 8 komandanın kimliyinə seçmə mərhələnin son turundan sonra aydınlıq gələcək. Bu 8 komandadan 3-ü seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər bir komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçıları isə noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən 12 komanda bunlardır: Fransa (ev sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Portuqaliya, Şimali İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Uels, Belçika, Almaniya, Polşa, Rumıniya və Albaniya yığmalarıdır.

Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

Xəbər 763 dəfə oxundu.