“Mercedes” komandasının pilotu Levis Hamilton Rusiya Qran-pri yarışlarının qalibi olub
Oktyabrın 11-də Soçidə “Formula-1” Qran-pri yarışlarının 15-ci – Rusiya mərhələsinə yekun vurulub.

Mötəbər turnirin Rusiya mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparıb.

Uzunluğu 5848 metr olan Soçi Avtodrom Pistində 53 turda keçirilən turnirin final mərhələsində “Mercedes” komandasının britaniyalı pilotu Levis Hamilton qalib adını qazanıb.

“Ferrari”nin almaniyalı pilotu Sebastiyan Fettel ikinci, “Fors İndia” komandasının meksikalı sürücüsü Serxio Peres isə üçüncü olub.

Yarışı Rusiya Prezidenti Vladimir Putin, “Formula-1”in prezidenti Berni Eklstoun, Beynelxalq Xokkey Federasiyasının rəhbəri Rene Fazel və digərləri izləyiblər.

Kuboku Levis Hamiltona Rusiya Prezidenti təqdim edib.

Hazırda çempionata 302 xalla “Mercedes” komandasının pilotu Levis Hamilton liderlik edir. O, əvvəlki 14 mərhələnin 8-də qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya və Yaponiyada keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Fettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton çempion olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

Qeyd edək ki, Azərbaycan “Formula-1” yarışlarına gələn il ev sahibliyi edəcək. İyunun 19-da Bakıda idmanın bu növü üzrə Avropa Qran-pri yarışları təşkil olunacaq.

Xəbər 613 dəfə oxundu.