Azərbaycan taekvondoçuları hərbçilərin VI dünya oyunlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub
Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya oyunlarının taekvondo yarışlarının sonuncu günündə mübarizəyə qoşulan idmançılarımız da uğurla çıxış ediblər.

Yarışlarda 49 kiloqram çəki dərəcəsində mübarizə aparan, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova bütün rəqiblərini yarışdan kənarlaşdıraraq turnirin qızıl medalını qazanıb.

Kişi taekvondoçulardan Səid Quliyev (-74 kq) yalnız finaldakı rəqibinə məğlub olaraq oyunları gümüş medalla başa vurub.

Xatırladaq ki, komandanın üzvlərindən əvvəlki günlərdə Ayxan Tağızadə (-68 kq) gümüş, Radik İsayev (+87 kq) isə bürünc medala sahib olmuşdu.

Beləliklə, Oyunlara 7 taekvondoçu ilə qatılan Azərbaycan komandası aktivinə 1 qızıl, 2 gümüş və 1 bürünc medal əlavə edib.

Yarışların idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Vəlibəyov təmsil edib.

Xəbər 713 dəfə oxundu.