"Sumqayıt"ın əvəzedicilərinə yeni baş məşqçi təyin olundu
"Sumqayıt"da əvəzedici komandanın baş məşqçi məsələsinə aydınlıq gəlib. İlham Yadullayev mövsümün sonuna qədər əvəzedicilərin baş məşqçisi vəzifəsinə təyin olunub.

Adıçəkilən çalışdırıcı təyinatı ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "İlk növbədə "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdır ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki, artıq baş məşqçi olacağam deyə bütün suallar mənə ünvanlanacaq".

Lider komandaya gəlməyin çətinliyindən danışan İlham Yadullayev məşqçilər korpusuna da aydınlıq gətirib: "Açığı, işimin çətin olacağını bilirəm. Samir Abasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Lider komandada nəyisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt"ın akademiyası ilə sıx iş birliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdir və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəyəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".

Xəbər 660 dəfə oxundu.