Rəşad Sadıqov: "Düşünürdüm ki, bu tsikl mənim üçün sonuncu olacaq"
"Bizi ağır və gərgin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Rəqib qələbə qazanıb qrup mərhələsini adlamaq məsələsini həll etmək istəyir. Biz də əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq". Bunu AVRO-2016-nın seçmə qrup mərhələsində İtaliya ilə Bakıda keçiriləcək görüşdən öncə yığma komandanın kapitanı Rəşad Sadıqov deyib.

Daha sonra futbolçu jurnalistlərin suallarını cavablandırıb.

- Xorvatiya ilə Bakıda heç-heçə etmək bizim üçün sürpriz nəticə sayılır. Bu sürprizi İtaliyaya qarşı etmək mümkündür?

- Bəli, futbolda hər şey mümkündür. Qarşımıza məqsəd qoymuşuq ki, məğlub olmayaq. Rəqibi əks hücumlarda tutub qələbə qazanmaq istəyirik.

- Yüzüncü oyununuzda qələbə qazansanız demək olar ki, karyeranızın ən yadda qalan oyunu olacaq?

- Təbii ki, İtaliya ilə oyunda qələbə qazansaq, bu oyun mənim üçün yadda qalmaya bilməz. Düşünürəm ki, bərabərlik olsa belə, bu bizim üçün yaxşı nəticədir.

- Son zamanlar mətbuat sizi tənqid edir, gücünüzün tükəndiyini, qocaldığınızı yazır. Necə fikirləşirsiniz, 120, 140-a çatmaq olar?

- 1-2 nəfərdən eşitmişəm. Ancaq belə şeylərə fikir vermirəm. Futbolçu üçün 33 yaş qocalıqdır. Baxmayaraq ki, həyatda bu yaş cavan yaşdır. Ancaq o rəqəmləri deyə bilmərəm. Tsikl qurtarandan sonra bu haqda fikirləşəcəm. Düşünürdüm ki, yüzüncü oyunum, ümumiyyətlə, bu tsikl mənim üçün sonuncu olacaq. Bilmirəm həmin oyuna lazım olacam, ya yox, amma inamla çıxış etmək komandaya kömək etmək lazımdır. 2-3 ay əvvəl baş məşqçi ilə söhbətimdə dedim ki, istəyirəm bu mənim üçün son tsikl olsun. Amma baş məşqçi mənə tələsməməyi məsləhət gördü. Yavaş-yavaş yaş öz sözünü deyir. Həm 2 il ard-arda Avropa Liqası, çempionat oyunları və yığmanın çıxışları sıx qrafik yaratdı. Düşünürəm ki, həm özüm, həm də komandam üçün ən düzgün qərarı verəcəm.

- 2002-ci ildə milli komanda İtaliyaya qarşı baxımlı futbol sərgiləmişdi. Bu iki yığma komandanı necə müqayisə edərdiniz?

- Fərq çoxdur. O vaxt təcrübəli futbolçular çox idi, indi isə əksəriyyəti gəncdir. O vaxtkı İtaliya da daha təcrübəli idi. Bugünkü rəqib isə yığcam, kombinasiyalı futbola üstün verən bir komandadır. Xatırlayıram ki, o oyun çox danışıldı. Əlimizdən gələni edəcəyik ki, bu da yadda qalsın.

Xəbər 899 dəfə oxundu.