"İdman və sağlamlıq, italyan memarlığı və dizaynı ilə Azərbaycanda qovuşur” layihəsi əlaqələrimizin inkişafına töhfə verir
Oktyabrın 9-da “Four Seasons” otelində İtaliya İqtisadi İnkişaf Nazirliyinin, İtalyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının dəstəyi ilə “İdman və sağlamlıq, italyan memarlığı və dizaynı ilə Azərbaycanda qovuşur” mövzusunda Bakıda keçirilən tədbirlə əlaqədar mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo layihənin Azərbaycanda həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, belə layihələrin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Azərbaycan ilə İtaliya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinə nəzər salan diplomat münasibətlərimizin bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

İtaliya İqtisadi İnkişaf Nazirliyinin kabinet rəhbəri Vito Cozolli, İtaliyan Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının prezidenti Rikardo Maria Monti və İtaliya Futbol Federasiyasının nümayəndəsi Mişel Uva da çıxış edərək ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib, layihənin əhəmiyyətindən söz açıblar.

Sonda məşhur İtaliyanın məşhur brendlərinin məhsullarından ibarət, eləcə də bu ölkənin futbol üzrə dünya çempionatlarındakı dörd qələbəsini əks etdirən sərgi təqdim olunub.

Xəbər 597 dəfə oxundu.