Soçidə “Formula-1” Qran-prisinin 15-ci mərhələsinə start verilib
Oktyabrın 9-da Soçidə “Formula-1” Qran-pri yarışlarının 15-ci – Rusiya mərhələsinə start verilib.

Mötəbər turnirin Rusiya mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparır.

Uzunluğu 5848 metr olan Soçi Avtodrom Pistində 53 turda keçirilən turnirin birinci günündə sərbəst yürüş yarışları təşkil olunub. Bu yürüşdə “Force İndia” komandasının pilotu Niko Hulkenberq birinci, “Mersedes”in sürücüsü Niko Rosberq ikinci, “Ferrari”nin pilotu Sebastian Vettel isə üçüncü olub. Cari il “Formula-1” yarışında liderlik edən Luis Hamilton (Mersedes) isə yeddinci olub.

Turnirin təsnifat turları oktyabrın 10-da, əsas yarış isə ayın 11-də keçiriləcək.

Hazırda çempionata 277 xalla “Mersedes” komandasının britaniyalı pilotu Levis Hamilton liderlik edir. O, əvvəlki 14 mərhələnin 8-də qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya və Yaponiya keçirilən yarışlarda qələbə qazanıb. Hər birinin hesabında üç qələbə olan “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako və Avstriyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

Xəbər 739 dəfə oxundu.