Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib
2016-cı ildə Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də “D”, “F” və “İ” qruplarında növbəti oyunlar keçirilib.

Turun sensasiyası Dublində qeydə alınıb. “D” qrupunda mübarizə aparan son dünya çempionu Almaniya millisi səfərdə İrlandiyaya 0:1 hesabı ilə məğlub olub. Qrupun digər görüşlərində Gürcüstan millisi Cəbəllütariqin qapısından dörd cavabsız top keçirib. Şotlandiya-Polşa görüşü isə 2:2 hesabı ilə yekunlaşıb. Seçmə mərhələdə keçirilən doqquz oyundan sonra 19 xal toplayan Almaniya komandası qrupun lideridir. Polşa və İrlandiya 18 xal toplayıb.

“F” qrupunda Şimali İrlandiya millisi öz meydanında Yunanıstanı 3:1 hesabı ilə məğlub edərək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Rumıniya komandası Finlandiya ilə heç-heçə oynayıb – 1:1. Macarıstan millisi isə Farer Adaları komandasını 2:1 hesabı ilə məğlub edib.

“İ” qrupunda isə Portuqaliya millisinin Fransada keçiriləcək Avropa çempionatında iştirakı rəsmiləşib. Bu tur öz meydanında Danimarkanı 1:0 hesabı ilə məğlubiyyətə uğradan Portuqaliya komandası xallarını 18-ə çatdıraraq rəqibləri üçün əlçatmaz olub. Albaniya milli komandası öz meydanında Serbiyaya 0:2 hesabı ilə uduzaraq qrup ikincisi olmaq şansını ən az bir oyunluq təxirə salıb. Avropa çempionatının seçmə mərhələsinə yüksəlmək üçün albanlar son turda səfərdə Ermənistanı mütləq məğlub etməlidirlər.

Xatırladaq ki, qruplarda birinci və ikinci yerlərin sahibləri, həmçinin qrupu üçüncü yerdə başa vuran yığmalar arasında ən yaxşı nəticə göstərən səkkiz komanda 2016-cı il iyunun 10-dan iyulun 10-a qədər Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində mübarizə aparmaq hüququ qazanacaq.

Xəbər 717 dəfə oxundu.