Jurnalistlər Su İdmanı Sarayında olublar
Oktyabrın 8-də KİV nümayəndələri üçün birinci Avropa Oyunlarının idman obyektlərindən birinə - Su İdmanı Sarayına ekskursiya təşkil edilib.

Su İdmanı Sarayı təkcə peşəkarlar üçün nəzərdə tutulmayıb. Vərdiş səviyyəsindən asılı olmayaraq, burada hər kəs üzgüçülüklə məşğul ola bilər. İdman kompleksinin hovuzları ən müasir beynəlxalq keyfiyyət standartlarına və texnoloji təminat tələblərinə cavab verir.

Əsas hovuz müxtəlif su idmanı növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub; onun uzunluğu 50, eni 25, dərinliyi 3 metrdir. Suya tullananlar üçün hovuzda 1; 3; 5; 7,5 və 10 metr hündürlükdən tullanmalar üçün 5 pilləli platforma inşa edilib. Yenicə başlayanlar uzunluğu 25, eni 50 metr olan və 20 cığırdan ibarət hovuzdan istifadə edə bilərlər.

Bildirilib ki, həftə ərzində qadınlar üçün xüsusi saatlar nəzərdə tutulub. 4-16 yaşlı uşaqlar üçün isə peşəkar məşqçilərin rəhbərliyi ilə qrup məşğələləri aparılır.

Ümumi sahəsi 2500 kvadratmetr olan fitnes mərkəzinin 8 zalında idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Məkanın bir hissəsi qrup şəklində rəqs, yoqa, pilates, zumba, sayklinq məşğələlərinə ayrılıb.

AZƏRTAC

Xəbər 567 dəfə oxundu.