Serbiya yığmasını aparan avtobus Albaniyada daşa basılıb
Futbol üzrə AVRO-2016-nın seçmə qrup matçı üçün Albaniyaya gələn Serbiya yığmasının avtobusu daşa basılıb. Hadisə paytaxt Tiranadakı hotelə gedən yolda baş verib.

Serbiya Futbol Federasiyasının vitse-prezidenti Savo Miloşeviç bildirib ki, avtobusun şüşəsi qırılsa da, heç kimə zərər dəyməyib: "Lakin futbolçular albaniyalı azarkeşlərin hərəkətindən şoka düşüblər".
Hadisə ilə bağlı Serbiya Xarici işlər Nazirliyi Albaniyanın Belqraddakı səfiri İlir Boçkanı nota təqdim etmək üçün çağırsa da, rədd cavabı alıb. İ.Boçka heç nəyin baş vermədiyini bildirib.
Bu gün Serbiya millisi Tiranadan oyunun keçiriləcəyi Elbasan şəhərinə yola düşəcək. Avtobusu polis avtomobilləri müşayiət edəcək. Oyun isə Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Qeyd edək ki, ötən il oktyabrın 14-də Belqradda keçirilmiş Serbiya - Albaniya matçı ilk yarının sonlarında stadion üzərində "Böyük Albaniya" bayrağı bağlanan pilotsuz aparatın peyda olmasından sonra dayandırılıb. Meydançaya enən bayrağı serbiyalı futbolçulardan biri dartıb atmaq istərkən, albaniyalılar müdaxilə edib. Bu zaman iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. UEFA Albaniya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiya yığmasının aktivindən 3 xal silinib və növbəti 2 ev oyununu azarkeşsiz keçirməsinə qərar verilib.

Xəbər 702 dəfə oxundu.