Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası 7-ci medalı təmin edib
Cənubi Koreyanın Munqyeonq şəhərində davam edən Hərbçilərin VI Dünya İdman Oyunlarında Azərbaycan komandası daha bir medalı təmin edib. Sərbəst güləş yarışlarının ikinci günündə 70 kq-da mübarizə aparan Coşqun Əzimov finala yüksəlib.

Bununla da Əzimov ən azı gümüş medalı təmin edib. Gənc güləşçi finaladək ardıcıl olaraq livanlı Kamal Əl-Katibi 13:1, ukraynalı Yevgeni Xavilovu 10:2, və monqolustanlı Qanzoriç Mandaxnaranı 6:3 hesabı ilə yenib. Əzimovun rəqibi rusiyalı Soslan Romanov olacaq. Qələbə təqdirində o, Azərbaycanın aktivinə ilk qızıl medalı yazdıracaq.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıb. Digər medallara isə cüdoçular sahib olub. Vüqar Şirinli (60 kq) gümüş, Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq) və Elmar Qasımov (100 kq), eləcə də tərkibi onlardan və Tural Safquliyevdən (90 kq) ibarət komanda bürünc medal qazanıb.

Xəbər 659 dəfə oxundu.